Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar protez-ortopedik bərpa xidməti davam etdirilir.
1news.az-ın məlumatına görə, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası iyulun 19-da Ucar və Ağdaş rayonlarında olaraq müvafiq şəxsləri protez-ortopedik bərpa xidməti ilə təmin edib.
Bu gün, yəni iyulun 20-də saat 9:00-dan 13:00-dək Bərdə rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 14:00-dan 18:00-dək Tərtər rayon ƏSMM-nin inzibati binalarında, iyulun 21-də saat 9:00-dan 13:00-dək Ağdam rayon ƏSMM-nin inzibati binasında və saat 14:00-dan 18:00-dək Ağcabədi rayon mərkəzi xəstəxanasında əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar protez-ortopedik bərpa xidmətinin göstərilməsi nəzərdə tutulub. Tibbi-texniki briqada iyulun 22-də saat 10:00-dan 14:00-dək Zərdab rayon İcra Hakimiyyətinin qonaq evində fəaliyyətini davam etdirəcək.
Həmin rayonlar üzrə protez-ortopedik bərpa xidmətinə ehtiyac duyan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Bununla yanaşı, tibbi-texniki briqadaya birbaşa müraciət edən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar da müvafiq xidmətlərlə təmin olunurlar.
Qeyd edək ki, cari ilin ilk yarımilində Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 17,4 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib.
1news.az