Azərbaycan Mətbuat Şurası son günlər Türkiyədə baş verən hadisələrlə bağlı məlumat yayıb.
1news.az-ın verdiyi xəbərə görə, məlumatda bildirili ki, Türkiyə Cumhuriyyətində baş verən prosesləri işıqlandırmaq, Azərbaycan auditoriyasına çatdırmaq, müxtəlif hadisələrə dair rəy və şərhlər hazırlamaq mediamızın başlıca fəaliyyət istiqamətlərindəndir. Belə dəst-xətt Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərindən qaynaqlanmaqla mənəvi məsuliyyət yükü yaratdığı kimi, iki ölkənin strateji əməkdaşlıq xəttinə söykənərək mühüm siyasi və iqtisadi əhəmiyyət də daşımaqdadır.
Azərbaycan mediası 15-16 iyul 2016-cı il tarixlərində Türkiyədə həyata keçirilməsinə cəhd edilən hərbi çevriliş aktına da bu baxımdan yanaşdı, qardaş ölkə xalqının mövqeyini dəstəkləyərək demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi, hakimiyyətə qarşı terroru qəti şəkildə pislədi.
Diqqətə çatdırılıb ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 20 iyul 2016-cı il tarixdə keçirilmiş iclasında ölkə mediasının bu fəaliyyət dəst-xəttindən məmnunluq ifadə olundu.
İclasda həmçinin mediamızın Türkiyə ictimaiyyəti ilə həmrəyliyi fonunda Azəbaycanda nəşr olunan “Zaman Azərbaycan” qəzetinin fərqli mövqe tutmasından, Türkiyədə dövlət çevrilişinin hazırlanmasında adı hallanan Fətullah Güləni təbliğ etməsindən, bu xüsusda onun Türkiyə iqtidarına qarşı fikirlərini tirajlamasından narahatlıq bildirildi.
Qeyd olundu ki, təsisçilər Anar Qaraxançallının, Ürfan Məmmədlinin, Pənah Abdurahmanlının “Zaman Azərbaycan”ın və onun elektron versiyası olan “zaman.az” saytının fəaliyyətinin dayandırıldığına dair müxtəlif kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayılmış birgə bəyanatı da məsələyə reaksiya verilmədən keçilməsi üçün əsas yaratmır. Çünki qəzetdə və “zaman.az” saytında Türkiyədə dövlət çevrilişinə cəhddən sonra yayımlanmış materiallar Azərbaycan ictimai rəyini yanlış məlumatlandırmağa xidmət edib.
Buna görə də Azərbaycan Mətbuat Şurası “Zaman Azərbaycan” qəzetinə xəbərdarlıq edir. Qurum nəşrin təsisçilərinin diqqətinə çatdırır ki, gələcəkdə media fəaliyyəti ilə məşğul olarkən mütləq qaydada Şuranın xəbərdarlığından nəticə çıxarsınlar, yol verdikləri nöqsanları bir daha təkrarlamasınlar.
1news.az