Bakı Ali Neft Məktəbində (BANM) Türkiyənin İzmir şəhərində “Petkim” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcək 26 tələbə və onların valideynləri ilə görüş keçirilib.
BANM-dən 1news.az-a verilən xəbərə görə, bu ali təhsil müəssisəsinin rektoru Elmar Qasımov “Petkim” şirkətində istehsalat təcrübəsi keçmək imkanı qazanan tələbələri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Rektor tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə hər il ali məktəbin tələbələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) bütün idarə və istehsalat müəssisələrinə, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin “Petkim” şirkətinə istehsalat təcrübəsi keçmək üçün göndərildiklərini qeyd edib.
Bu nəhəng şirkətdə təcrübə keçmək imkanı qazanan tələbələrin şanslı olduğunu vurğulayan E.Qasımov diqqətə çatdırıb ki, onlar iş prosesini yaxından izləmək, istismarda olan hər bir qurğunu, avadanlığı, texnoloji prosesləri və reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini öyrənmək və peşəkar mütəxəssislərlə birgə işləmək kimi imkanlar qazanacaqlar.
Sonda fikir mübadiləsi aparılıb, valideynlərin sualları cavablandırılıb.
Qeyd edək ki, BANM və “Petkim” şirkəti arasında əldə olunan razılaşmaya əsasən, bu ali məktəbin tələbələri iyulun 18-dən avqustun 29-dək bir ay müddətində bu şirkətdə istehsalat təcrübəsi keçəcəklər.
1news.az