“Azərbaycan idmanının inkişafı bizim ümumi inkişafımızın göstəricisidir”.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimindəki nitqində deyib.
Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançısının mübarizə aparacağını vurğulayan dövlətimizin başçısı bildirib ki, bu, ötən Olimpiadadakından çoxdur. İdmançılarımızın Olimpiadada ölkəmizi ləyaqətlə təmsil edəcəyinə əminliyini bildirən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, son dörd il ərzində idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında bizi sevindirib, ölkəmizin şöhrətini ucaldıb və Vətənə böyük qələbələrlə qayıdıblar.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan idman dövlətidir:
“Bunu dünyanın bütün idman ictimaiyyəti bilir, qəbul edir. Azərbaycanda idman, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycan cəmiyyətində önəmli bir ictimai amilə çevirib. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var, idmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançıların uğurları və onlara göstərilən dövlət qayğısıdır”.
1news.az