Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci mərhələsi (elektron ərizələrin qəbulu) başa çatıb.
1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, müsabiqədə iştirak üçün müraciət edənlərdən 31 min 779 nəfərin elektron ərizəsi təsdiqlənib. Test mərhələsinin keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndəriləcək.
Hazırda respublikanın ümumi təhsil müəssisələrində olan 3 min 346 vakant yer müsabiqəyə çıxarılıb.
Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edirlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə dörd mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.
Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı aşkarlanarsa, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.
Qeyd edək ki, elektron ərizələrin doldurulması, test suallarının cavablandırılması qaydaları, test nümunələri və digər zəruri məlumatlar miq.edu.az saytında yerləşdirilib.
1news.az