Fransanın Nitsa şəhərində terror aktı törədilib.
1news.az-ın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Məlumata əsasən, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. Avtomobil yüksək sürətlə hərəkət edərək qarşısına çıxan insanları əzib.
Az sonra terrorçular və polis arasında atışma olub. Yük avtomobilini insanların üzərinə sürən sürücü polis tərəfindən güllələnib.
Məlumata görə, yük maşınının kütləyə çırpılması nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb. 18 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. 50-yə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Daha 120 insan kömək üçün psixoloqlara və xilasedicilərə müraciət edib.
Daily Mail-in məlumatına əsasən, hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Hadisə törədənin Tunis əsilli Fransa vətəndaşı olduğu məlumatı verilir. Yük maşınında silah-sursat aşkar olunub.
Müxtəlif ölkələrin dövlət başçıları hadisəni pisləyən bəyanatlarla çıxış ediblər. Fransa Prezidenti Fransua Olland ölkədə fövqəladə rejimin daha 3 ay uzadıldığını bildirib. O, ölənlər arasında xeyli sayda uşağın olduğunu açıqlayıb.
1news.az