Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenkonun iyulun 14-də rəsmi qarşılanma mərasimi olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumata əsasən, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Pyotr Poroşenkonu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verdi.
Ukraynanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Prezident Pyotr Poroşenko fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Pyotr Poroşenkoya, Ukraynanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Azərbaycan və Ukrayna prezidentləri rəsmi foto çəkdirdilər.
1news.az