Fransa hökumətinin rəsmi nümayəndəsi Stefan Le Foll prezident Fransua Ollandın yeni bərbərinin ayda 10 min avro maaş aldığını təsdiqləyib.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumata əsasən, bərbərin maaşı barədə xəbəri satirik Le Canard Enchaîné dərgisi yayıb.
Nəşrin məlumatına görə bərbərin müqaviləsi həmçinin ev məsrəfləri və bir sıra başqa imtiyaz və güzəştləri nəzərdə tutur.
"Mən vətəndaşların suallarını, uydurmaların yaranmasını başa düşə bilərəm... Lakin saçını hamı kəsdirir, elə deyilmi? Bizim misalda isə söhbət kimlərdənsə yox, məhz ölkə prezidentindən gedir”, - Stefan Le Foll deyib.
Onun sözlərinə görə, prezidentin şəxsi bərbəri ölkə başçısını səfərlərdə müşayiət etmək üçün sahib olduğu salondakı işini tərk etməli olub.
Prezidentin bərbərinin maaşı barədə məlumat sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
Bir çox şərhlərdə Fransa prezidenti müxtəlif saç düzümü və XVIII əsrsayağı pariklərdə təsvir olunur.
1news.az