Torpaqların əsassız zəbt olunması, torpaqlarda təyinatına zidd aparılan özbaşına tikinti hallarının, dənizkənarı mühafizə zolaqları ilə bağlı pozuntuların qarşısının alınması üzrə torpaq reydləri və monitorinqlər intensivləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, respublika üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda qanunvericiliyin tələblərinin pozulması hallarının bazası yaradılıb, Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı boyunca mövcud torpaqayırmaların və obyektlərin siyahısı tərtib edilib, meşə fondu torpaqlarında inşa edilmiş sosial, iaşə və istirahət obyektləri müəyyənləşdirilib, respublika üzrə torpaq icarəçilərinin siyahısı hazırlanaraq elektron bazada yerləşdirilib.
Aparılan nəzarət tədbirləri torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu hallarını aşkar edib. Belə ki, aparılan monitorinq və müşahidələr nəticəsində aşkar edilib ki, respublika üzrə mövcud olan 1.8 mln. hektar əkin sahəsinin 198 min hektarı (11,3%) istifadə olunmur. Bundan başqa, 2.6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min hektar torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb. Digər tərəfdən, icra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.
Araşdırmalar göstərib ki, hazırda icarəyə verilən dövlət torpaqlarının bir hissəsindən ümumiyyətlə istifadə edilmir. Belə ki, respublikanın şəhər və rayonları üzrə 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1.2 mln. hektar torpaq sahəsinin 44.3 min hektarı faktiki istifadəsiz qalıb. Yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min hektar torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın hektar qeyri kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min hektar torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir.
Bu sahədə nəzarəti həyata keçirən torpaq müfəttişləri 19.2 min pozuntu halı aşkar ediblər, bundan 4479 hal ciddi pozuntu (13686 fərdi yaşayış evi istisna olmaqla) hesab olunur. Bu hallarla bağlı fiziki və hüquqi şəxslərə 1169 xəbərdarlıq edilib, 349 inzibati protokol tərtib olunub.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən bu tədbirlər nəticəsində istifadə olunmayan və əkinə yararlı torpaqların kənd təsərrüfatı istehsalatına, müxtəlif aqromeleorativ tədbirlərin tətbiqi ilə yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlbi, istifadədə olan torpaqların münbitliyinin qorunması və artırılması məqsədləri üçün kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaranacaq.
1news.az