Bakı Ali Neft Məktəbinin (BANM) III və IV kurslarında təhsil alan 17 tələbəsi BP şirkətində iyulun 1-dən sentyabrın 9-dək (10 həftəlik) ödənişli əsaslarla yay istehsalat təcrübəsi keçirlər.
BANM-dan 1news.az-a verilən məlumata görə, istehsalat təcrübəsi zamanı tələbələr öncə komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə şirkətin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirirlər.
Tələbələr təcrübə keçdikləri müddətdə quyuların qazılması və tamamlanması, qazma məhlulları texnologiyası, avadanlığın quraşdırılıması və keyfiyyətə zəmanət/keyfiyyətə nəzarət məsələləri ilə bağlı xüsusi layihələrdə işləyəcəklər.
Həmçinin yataqların işlənmə texnologiyası və neft-qaz hasilatı texnologiyası ilə tanış edilərək neft-qaz yataqlarının kəşfiyyatına və işlənilməsinə cəlb ediləcəklər. Bundan başqa, tələbələrin əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə dair heyət daxilində bütün tədbirlərdə iştirakı gözlənilir.
Beləliklə, BP şirkətində istehsalat təcrübəsi keçən tələbələr tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq, BP-nin mühəndislik standartları, üsulları, istehsalat zamanı təhlükəsizlik və etika qaydaları ilə yaxından tanış olacaq və zəngin iş təcrübəsi əldə edəcəklər.
İstehsalat təcrübəsinin sonunda tələbələr təcrübə haqqında təqdimatlar hazırlayacaq və təqdimatlar qrup rəhbərləri tərəfindən qiymətləndiriləcəkdir.
Qeyd edək ki, BP şirkətində 10 həftə ərzində yay istehsalat təcrübəsi keçən tələbələr əmək haqqı alacaqlar.
1news.az