Cari ilin 5 iyul tarixində Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərində ölkəmizə həsr edilmiş sərgi fəaliyyətə başlamışdır.
Azərbaycanın Polşadakı Səfirliyindən 1news.az-a verilən məlumata əsasən, sərgi Mazovetsk Voyevodluğunun və Varşava şəhər meriyasının qarşısında yerləşən Plac Bankowy meydanında təşkil edilmişdir.
Varşavanın ən böyük meydanlarından biri olan Plac Bankowy şəhər mərkəzində yerləşir və eyni zamanda vacib nəqliyyat kəsişməsi rolunu oynayır.
Varşavanın tanınmış tarixi turistik məkanlarından biri olan Plac Bankowy meydanını gündəlik olaraq minlərlə insan ziyarət edir.
Azərbaycanın Polşada təbliğinə həsr edilmiş sərgidə ölkəmizin tarixi abidələrinə və müasir memarlığına dair foto şəkillər və təbiət mənzərələri nümayiş etdirilir.
Sərgidə həmçinin Azərbaycanın əsas turizm istiqamətlərini özündə əks etdirən foto şəkillər də Varşava sakinlərinin diqqətinə təqdim edilmişdir.
Açıq havada təşkil edilmiş sərgi iyul ayının sonuna qədər davam edəcəkdir.
1news.az