İyulun 12-də Bakı şəhərinin Nizami rayonunda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.
Komitədən 1news.az-a verilən məlumata əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan konfransda hüquq mühafizə orqanlarının nümayəndələri, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov konfransın əhəmiyyətindən danışaraq ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib. Multikulturalizmin dövlət siyasəti kimi əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən icra başçısı bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.
DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin əsasında azərbaycançılıq ideologiyasının dayandığını bildirib. O, Ulu Öndər Heydər Əliyev tərəfindən praktik olaraq dövlət siyasəti kimi tətbiq edilən azərbaycançılıq ideologiyasının əsasında tolerant və multikultural dəyərlərin də yer aldığını vurğulayıb. Ölkəmizdə müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını deyən Komitə sədri xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən, mental dəyərlərimizdən qaynaqlandığını bildirib. Komitə sədri vurğulayıb ki, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. M.Qurbanlı qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qarşıda duran ən vacib vəzifələrdən biridir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladan Komitə sədri qeyd edib ki, bununla Azərbaycan xalqının dostluq, qardaşlıq şəraitində yaşamağa qadir xalq olduğu bir daha bütün dünyaya nümayiş etdiriləcək.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Milli Məclisin deputatı Rasim Musabəyov qeyd ediblər ki, əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal fikirli insanların təsiri altına düşməməsi və din xadimlərimizin bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu cür tədbirlərin keçirilməsinə ehtiyac var. Onlar ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran amillərdən danışıb, respublikamızdakı siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd ediblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib.
Konfrans işini mövzu ətrafında müzakirələrlə davam etdirib.
1news.az