Cari ilin iyun ayında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 130993 dəfə istifadə edib.
1news.az-ın məlumatına görə, müraciətlərin 121474-ü “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə, 9519-u isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub.
Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi ölkəmizin sosial-iqtisadi münasibətlər sisteminin mühüm elementidir. Respublikada mövcud olan bütün əmək münasibətlərinin elektron qaydada qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsini şərtləndirən bu sistem əmək bazarına, əmək hüquqlarına təminatına dövlət nəzarəti sahəsində müasir, çevik və şəffaf idaretmə mexanizmini formalaşdırıb. Azərbaycanın bu sahədə təcrübəsinin öyrənilməsinə ayrı-ayrı ölkələr tərəfindən böyük maraq göstərilir.
Son aylarda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər avtomatlaşdırılmış sistemləri kimi, əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi də müasir dünyanın qabaqcıl təcrübə nümunələri kimi BMT-nin portalında yerləşdirilib.
Bu sistem iki e-xidməti özündə birləşdirir ki, onlardan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti işəgötürənlərə işçilərlə bağladıqları əmək müqavilələrini, yaxud müqaviləyə dəyişiklikləri və ya xitam verilməsini müvafiq bildiriş formasında sistemdə qeydiyyatdan keçirməyə imkan verir.
Digər “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti vasitəsilə isə işçilər onlarla bağlanmış əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə edə bilirlər.
Artıq iki ildir ki, əhalinin istifadəsində olan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi ötən müddətdə “Elektron Hökumət” portalında daim geniş istifadəçi kontingenti ilə diqqəti cəlb edib. Təkcə bu ilin 6 ayında əhali bu sistemdən 1 060 531 dəfə, son iki ildə isə 5 milyon 570 min dəfəyə yaxın faydalanıb.
1news.az