Artıq “ASAN Viza”nın texniki şərtləri müəyyənləşib. Üç gün müddətində insanlar sərbəst şəkildə, telefon vasitəsilə vizaların əldə olunmasına nail olacaqlar.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu sözləri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. “ASAN xidmət”lə əməkdaşlıq etdiklərini deyən nazirin sözlərinə görə, turizm şirkətləri viza ilə məşğul ola biləcəklər. Paralel olaraq fərdi qaydada “ASAN Xidmət”dən üç gün müddətində bu vizaları əldə etmək mümkün olacaq. Proses gedir və düşünürəm ki, sentyabrın 1-dən bu iş başlanacaq.
Nazir bildirib ki, hazırda tək ərəb ölkələri deyil, Yaponiya, Çin, Koreya Respublikası, İndoneziya üçün vətəndaşlarına sadələşdirilmiş viza rejimi tətbiq olunur. Ona görə də əsas məqsəd bu ölkələrdə də marketinqi gücləndirməkdir. Qeyd edib ki, beynəlxalq turizm sərgilərində mövcud imkanları tanıdırıq.
Təhlükəsizlik qaydalarının tətbiq edilməsi ilə bağlı qaydaların turist axınına təsirinə toxunan Ə.Qarayev diqqətə çatdırıb ki, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə çimərliklərdə, otellərdə təhlükəsizlik tədbirlərinin görülməsi barədə müvafiq tövsiyələr, nizamnamələr hazırlayıb təqdim etmişik. Eyni zamanda, bu gün dünyada baş verən hadisələr bizi insanların çox toplaşdığı yerlərə daha həssaslıqla yanaşmağa məcbur edir. Biz buna hazır olmalıyıq. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti bu işə cəlb olunub və lazımı işlər görülür.
Nazir nəzərə çatdırıb ki, hazırda “ASAN Xidmət”lə bərabər Mədəniyyət və Turizm Nazirliyi müxtəlif sahələr üzrə turizm xidmətləri ilə bağlı olan insanlar üçün xüsusi treninqlər keçirir.
Bölgələrdə otellərin tikintisi barədə məlumat verən nazir vurğulayıb ki, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə müəyyən olunmuş zonalarda turizm müəssisələrinin yaradılması, yeni otellərin tikilməsi mexanizminin üzərində iş gedir. Bu mexanizm ölkədə iki və üç ulduzlu otellərin tikilməsini stimullaşdıracaq.
1news.az