Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları – a.e.i., dosent Müseyib Yunusov, b.e.i. Elina Kərimova və a.e.i., dosent İrina Kuçinskaya iyulun 1-dən 3-dək Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olmuşlar.
AMEA-dan 1news.az-a verilən məlumata əsasən, "Biogeokimyəvi rayonlaşdırma və Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması" layihəsi əsasında baş tutan ekspedisiya AMEA-nın multidistiplinar elmi-tədqiqat proqramları çərçivəsində həyata keçirilmişdir.
Bu layihə Azərbaycanın müxtəlif regionlarında ekogeokimyəvi landşaft şəraitinin yerli əhalinin sağlamlığına təsirinin, ayrı-ayrı landşaft tiplərində makro- və mikro elementlərin və onların konsentrasiyasının miqrasiya qanunauyğunluğunun öyrənilməsinə həsr olunmuşdur.
Layihə çərçivəsində artıq Böyük və Kiçik Qafqaza, Kür-Araz ovalığı və Lənkəran-Talış zonasına ekspedisiyalar həyata keçirilmiş və ətraflı məlumatlar əldə edilmişdir.
Ekspedisiya zamanı Naxçıvanın landşaft-geokimyəvi, ekoloji xüsusiyyətlərini öyrənmək məqsədilə laboratoriya şəraitində spektral təhlil aparmaq üçün, ümumilikdə, 65 torpaq, bitki, su və süxur nümunələri götürülmüşdür. Muxtar respublika ərazisində landşaft komponentləri üçün xarakterik olan və öz geokimyəvi xüsusiyyətləri ilə fərqlənən 20 sahə ayrılmışdır. Əhalinin məskunlaşdığı və ətraf məntəqələrdə ekolandşaft mühitin tədqiqinə xüsusi diqqət verilmışdır.
NDU-nun Goğrafiya kafedrasının dosenti, c.ü.f.d. Nazim Bababəyli ekspedisiya zamanı tədqiqat işlərinin aparılmasında yaxından köməklik göstərmişdir.
1news.az