İyulun 2-də Azərbaycan polisi yaranmasının 98-cı ildönümünü qeyd edir.
AZƏRTAC xəbər verir ki, əlamətdar gün münasibətlə Daxili İşlər Nazirliyinin rəhbərliyi, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad olunub, “Əbədi məşəl” abidəsi önünə gül dəstələri qoyulub.
Daha sonra Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında Azərbaycan polisinin peşə bayramına həsr olunmuş təntənəli mərasim keçirilib.
Əvvəlcə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səslənib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərasimdə geniş məruzə ilə çıxış edib. Azərbaycan polisinin keçdiyi çətin və şərəfli yoldan danışan Ramil Usubov ölkəmizdə daxili işlər orqanlarının inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb.
Sonra xidmətdə fərqlənən bir qrup əməkdaş təltif edilib.
Mərasimin sonunda “Asayişin və sabitliyin keşiyində” sənədli filmi nümayiş olunub.