Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyən edib. Meyvələr Azərbaycana Niderland Krallığından idxal olunub.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, meyvələr qidaya yararsızdır və dövriyyədən çıxarılması üçün "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilməsi qərara alınıb.
Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikasına daxil olan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarəti gücləndirilmiş şəkildə davam etdirir.
1news.az