11 km-lik Zığ-Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin əsaslı şəkildə təmirinə başlanılıb.
1news.az-ın “Azəravtoyol”a istinadla verdiyi xəbərə görə, burda yolun hərəkət hissəsinin eni 9 metr təşkil edir.
Məlumata görə, təmir işləri çərçivəsində sözügedən ərazinin 2,8 km-lik hissəsində yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılır. Daha sonra karbonat materialı tökülərək yeni yol əsası tikilir. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənir, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılır.
Yolun 2,2 km-lik hissəsində isə köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınır, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə yolun hərəkət hissəsinin 45 min m2 sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Bundan başqa vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılacaq. Ümumilikdə yol boyu 6 min p/m yeni səki daşı düzüləcək.
Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsindən səth sularının ötürülməsi üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulacaq, qrunt sularının ötürülməsi üçün isə drenaj borular qoyulacaq.
Avtonəqliyyat vasitələrinin Zığ-Aeroport yolundan Zığ-Suraxanı yoluna rahat şəkildə daxil olmasını təmin etmək məqsədi ilə hazırda yeni yol hissəsi də salınır.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yükskək keyfiyyətlə aparılır.
1news.az