Malayziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Roslan Abdul Rahman Bakı Ali Neft Məktəbində (BANM) professor-müəllim heyəti ilə görüş keçirib.
1news.az-ın SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata əsasən, BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov iki ölkə arasında mövcud əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulamış, ali təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanlardan söz açmışdır.
Neft-qaz, kimya, avtomatika və digər müvafiq sahələrdə yerli və beynəlxalq əmək bazarının ən müasir tələblərinə cavab verən yüksəkixtisaslı kadr hazırlığında Ali Məktəbin rolundan danışan rektor tələbələr üçün nəzəri biliklərlə yanaşı, praktik təcrübənin əhəmiyyətini qeyd etmiş, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin tələbələr üçün yaratdığı təcrübə imkanlarını nəzərə çatdırmışdır.
O, Malayziyanın Azərbaycanda fəaliyyət göstərən Petronas şirkətinin də bu sahədə mühüm töhfə verə biləcəyini bildirmişdir.
Rektor Elmar Qasımov informasiya-kommunikasiya texnologiyaları və kompüter mühəndisliyi sahələrində Malayziya Elm və Texnologiya Universiteti və Petronas Texnologiya Universiteti ilə əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını demişdir.
O, BANM-in artıq əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək, malayziyalı tələbələrin Ali Məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulamışdır.
1news.az