Prezident yanında Bilik Fondunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının təqdimatı keçirilib.
1news.az-ın Bilik Fonduna istinadən verdiyi xəbərə görə, tədbirdə bu qurumun aparat rəhbəri, professor İsaxan Vəliyev dövlətimizin başçısının Azərbaycanda multikulturalizmin yaşaması, bu meyil və ideyaların güclənməsi, ictimaiyyətdən daha çox dəstək alması ilə bağlı fikirlərinə istinad edərək xalqımızın tolerantlıq ənənələrindən söz açıb.
Diqqətə çatdırılıb ki, “Multikulturalizm” jurnalının ilk nömrəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dərin məzmunlu, əhatəli məqalələri dərc olunub.
Jurnalın baş redaktoru Fəxri Uğurlu qeyd edib ki, nəşrin çap olunmasının məqsədi Azərbaycanda əsrlərdən bəri formalaşan tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. O, jurnalın bölmə və rubrikaları haqqında iştirakçılara ətraflı məlumat verib.
Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhtçisi Rəşad İlyasov, Amerika Yəhudiləri Yardım Təşkilatı sədrinin müavini Rav Zamir İsayev, M.F.Axundzadə adına Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayeva, Bakı Slavyan Universitetinin dosenti Mübariz Əhmədov və başqaları Azərbaycanın multikultural dəyərlərinin təbliğində və geniş yayılmasında dərginin böyük rol oynayacağına əminliklərini bildirib, maraqlı təkliflər irəli sürüblər.
2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planına əsasən nəşr olunan ədəbi-bədii, elmi-publisistik jurnalın redaksiya heyətinə tanınmış dövlət və elm xadimləri, yazıçı və şairlər cəlb olunub. Beynəlxalq redaksiya şurasında Türkiyə, Rusiya, ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Portuqaliya, Finlandiya, İtaliya və başqa ölkələrin yazıçıları təmsil olunur.
1news.az