Metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.
1news.az xəbər verir ki, bütün bunlar Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planının 2.4 bəndində öz əksini tapıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin 1news.az-a verdiyi xəbərə görə, tədbirlər planına uyğun olaraq “20 Yanvar” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurduğu üçün Sərəncama əsasən müvafiq qaydada dəyişdirilməlidir. Bunun üçün stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.
Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “20 Yanvar” stansiyasının I vestibülü 01.07.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.
“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Qeyd edək ki, I vestibül bağlı olsa da keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər, keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.
1news.az