Dünən axşam İstanbulun Atatürk hava limanında baş verən terror aktlarından sonra Bakı və İstanbul arasında hava əlaqələri bu gün səhərdən bərpa edilib.
Bu haqda “Azərbaycan Hava Yollar” (AZAL) QSC-nin prezidentinin köməkçisi Paşa Kəsəmənski 1news.az-a açıqlamasında bildirib.
“Saat 08:45-də bizim təyyarə artıq İstanbula yol düşüb və 13:20-də oradan geri qayıtmalıdır. Dünən gecə orada qalan təyyarəmizə gəldikdə isə, biz onun bu gün saat 13:00-da İstanbuldan qalxacağını planlaşdırırıq. Hər şey İstanbul hava limanının iş rejimindən asılıdır”, - deyə, P.Kəsəmənski qeyd edib.
Onun sözlərinə görə, dünən axşamdan Azərbaycanın bütün hava limanları gücləndirilmiş iş rejiminə keçiblər, yüksək təhlükəsizlik tədbirləri görülür.
Qeyd edək ki, Atatürk hava limanında həyata keçirilən 3 partlayış nəticəsində 36 nəfər həyatını itirib, 147 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
1news.az