Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya Komissiyasının iclası keçirilib.
Qurumun mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2016-cı il ikinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 18 QHT-nin müraciətinə baxılıb.
Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb.
Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Şuraya 6 QHT-nin layihə təklifinə yenidən baxması tövsiyə olunub. 12 QHT-nin layihə təklifi ilə bağlı isə Şuranın qərarı məqbul hesab edilib.
Apellyasiya Komissiyasının üzvləri QHT rəhbərlərinin nəzərinə çatdırıb ki, müsabiqəyə təqdim olunan layihələr ictimai baxımdan aktuallığı ilə, yerinə yetiriləcək fəaliyyətlərin isə konkretliyi ilə seçilməsi vacibdir.
İclasda Şura tərəfindən layihələrin qiymətləndirilməsində şəffaflığın təmin olunması üçün mütamadi iş aparıldığı bir daha qeyd olunub.
1news.az