Əlilliyi olan şəxslərin istirahətinin təşkili istiqamətində tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu təbəqədən olan daha 106 nəfər şəxs respublikamızın səfalı guşələrinə istirahətə yola salınıb.
1news.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, onlardan 76 nəfəri Xaçmaz, 30 nəfəri isə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub ki, onlardan artıq 57 faizinin və ya 565 nəfərin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin edilib. Həmin insanlar istirahət və sağlamlıq mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirilirlər.
Əlilliyi olan şəxslərin yola salınması tədbirində bu təbəqədən olan insanların maddi və mənəvi tələbatlarının ödənilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasət kursunun əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Aylıq sosial müavinət və əmək pensiyası ilə təmin olunanların 35 faizə qədərinin əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olduğu, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı qeyd olunub. Həmçinin il ərzində nazirliyin reabilitasiya mərkəzlərində 8 mindən çox əlilliyi olan şəxsə bərpa müalicə xidməti göstərildiyi, onların sosial reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi üçün tədbirlərin ildən-ilə gücləndirildiyi diqqətə çatdırılıb.
İstirahətə göndərilən əlilliyi olan şəxslər sosial cəhətdən həssas insanların rifah halının yaxşılaşdırılması yönündə aparılan işlərə, habelə ölkəmizin səfalı guşələrində mənalı istirahətlərinin təşkil olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
1news.az