Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 24-də bir fermaya, 3 əkin sahəsinə, 8 partlayış yerinə baxış keçiriblər.
1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Tərtər rayonunun Cəmilli kəndində bir partlamamış hərbi sursat - “9M22U” qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb. Gün ərzində 10780 kvadratmetr ərazi minalardan təmizlənib.
Füzuli rayonunun Horadiz kəndində üç əkin sahəsində 3 partlayış yerinə baxış keçirilən zaman partlamamış hərbi sursat aşkar edilməyib. Cəmi 2780 kvadratmetr ərazi yoxlanılıb.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 24-də Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 26 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1549 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
1news.az