İyunun 24-də güclü leysan yağışları nəticəsində Qusar rayonunun Kuzun kəndinə gələn selin törətdiyi fəsadların aradan qaldırılmasına başlanılıb.
Qusar Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda ağır texnika vasitəsilə kəndə gedən yolun açılması, eləcə də sıradan çıxan elektrik dirəklərinin bərpası üçün müvafiq tədbirlər görülür.
Kənddə evlərə dolan sel suları Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən su nasosları vasitəsilə təmizlənir.
Dağlardan gələn sel suları Şahdağın ətəklərində yerləşən Kuzun kəndində 22 evə ziyan vurub. Tamamilə yararsız vəziyyətə düşən iki ev isə dağılmaq üzrədir. Dağılmaq ehtimalı olan evlərin sakinləri təhlükəsiz əraziyə köçürülüb. Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alan yoxdur.
İki saat ərzində yağan leysan yağışları nəticəsində yaranan sel kənddəki körpünü də sıradan çıxarıb. Sel kənddəki arıçılıq və heyvandarlıq təsərrüfatlarına da ciddi ziyan vurub, arı yeşiklərini və mal-qaranı aparıb.
Hazırda ərazidə müvafiq strukturların nümayəndələri işləyir, dəymiş ziyanın miqdarı dəqiqləşdirilir.