İyunun 24-də Azərbaycanın Belarusdakı səfirliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Belarus dilində nəşr olunmuş şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Səfirlikdən verilən məlumata görə, bu kitabın çapına qədər Leyla Əliyevanın Belarus dilinə tərcümə olunmuş şeirləri ölkənin müxtəlif ədəbi qəzet və jurnallarında (“7 дней”, “Літаратура і Мастацтва” (“Литература и искусство”), “Культура”, “Полымя”) dərc edilib.
Leyla Əliyevanın şeirlərini rus dilindən Belarus dilinə belaruslu gənc şairə, tərcüməçi, Belarus Yazıçılar İttifaqının üzvü Tatyana Siveç tərcümə edib. Onun tərcümələrindən sonra Leyla Əliyevanın şeirləri Belarus ictimaiyyətində tanınıb və hazırda sevilə-sevilə oxunur. Məhz Belarus xalqının getdikcə artan həvəsi və istəyi Leyla Əliyevanın şeirlərinin kitab şəklində işıq üzü görməsi ideyasını doğurub.
“Лист” (“Yarpaq”) kitabının səfirliyin təşkilatçılığı ilə keçirilmiş təqdimat mərasimində Belarusun ədəbi ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun, kütləvi informasiya vasitələrinin təmsilçiləri, Azərbaycan diasporunun fəal üzvləri və Minskdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Təqdimat mərasimində səfir İsfəndiyar Vahabzadə çıxış edərək Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında bütün sahələrdə olduğu kimi, humanitar sahədə də münasibətlərin inkişaf etdiyini bildirib. O, Leyla Əliyevanın Belarus dilində şeirlər kitabının çap olunmasını bu istiqamətdə uğurlu addım kimi dəyərləndirib.
Kitabın tərcüməçisi, gənc şairə Tatyana Siveç çıxışında Leyla Əliyevanın şeirlərini yüksək qiymətləndirib. O, bu şeirlərin tərcüməsi zamanı göstərilən köməyə görə Azərbaycanın Belarusdakı səfirliyinin kollektivinə təşəkkürünü bildirib.
Mərasimin sonunda azərbaycanlı tələbələr Leyla Əliyevanın Belarus dilində şeirlərini söyləyiblər.
AZƏRTAC