İyunun 22-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri bir fermaya, 4 əkin sahəsinə, 9 partlayış yerinə baxış keçiriblər.
1news.az-a ANAMA-dan verilən xəbərə görə, Tərtər rayonunun Cəmilli kəndində iki partlamamış hərbi sursat - 122 millimetrlik top mərmisinin partladıcısı aşkarlanaraq götürülüb. Gün ərzində 10 min 670 kvadratmetr ərazi minalardan təmizlənib.
Füzuli rayonunun Horadiz kəndində 4 əkin sahəsində 4 partlayış yerinə baxış zamanı partlamamış hərbi sursat aşkar edilməyib. Yoxlanılmış ərazi 3170 kvadratmetr təşkil edib.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 22-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 24 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. Ümumilikdə 1544 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
1news.az