İyunun 22-də ABŞ-ın Azərbaycandakı səfirliyi mübarək Ramazan ayı ilə əlaqədar iftar mərasimi təşkil edib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, iftar mərasimində rəsmi şəxslər, Azərbaycandakı dini icmaların başçıları və nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçılarını və xalqımızı qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iftar mərasimi təşkil etməkdən şərəf duyduğunu bildirib.
Diplomat Azərbaycanda dini icmalar arasında həmişə qarşılıqlı hörmət mühitinin olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Ramazan ayı insanlara etiqad, ibadət, o cümlədən ehtiyacı olanlara kömək etmək üçün dərindən düşünmək imkanı verir. Ramazan ayı insanları mərhəmətli olmağa səsləyir. Bu mərasimi qeyd etdiyimiz zaman Azərbaycanda dini icmalar arasında dialoq, ortaq fikirlər və qarşılıqlı hörmətin şahidi oluruq.
Diqqətə çatdırılıb ki, ABŞ-da üç milyonluq müsəlman icması yaşayır. Onlar Amerika cəmiyyətinin bir hissəsidir və ölkənin həyatında yaxından iştirak edirlər.
Sonda dualar oxunub və iftar verilib.
1news.az