İyunun 23-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 2016-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata əsasən, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nümunəvi hərbi orkestrin və şəxsi heyətin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev çıxış edərək əlamətdar gün münasibətilə kursantları və onların valideynlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, məzunlara cansağlığı, ailə səadəti və xidmətdə uğurlar arzulayırıb.
Sonra məktəbin məzunlarına diplomlar və fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunub. Məktəbi yüksək nailiyyətlərlə bitirən məzunlar emblemləri rəmzi yaş kötüklərinə vurublar.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Tədbirə toplaşanlar diplom və ilk hərbi leytenant rütbəsi almaları münasibətilə kursantları təbrik edib, onlara Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar arzulayıblar.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edildikdən sonra şəxsi heyət təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.
1news.az