Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və onun təzahür formaları" mövzusunda seminar keçirilib.
1news.az-a Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Baş İdarənin və Sabunçu rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, rayonun fəal gəncləri iştirak ediblər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini A.Yusifov keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini R.Əsgərov qeyd edib ki, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatlığa səbəb olan problemlərdən biridir.
Onun sözlərinə görə, cəmiyyəti maraqlandıran məsələ odur ki, dini radikalizm nə üçün yaranır, yəni hansı şərait, hansı səbəblər onu meydana gətirir: "Qeyd etmək istərdim ki, din dinamik sistem olduğuna görə burada müsbət meyillərlə yanaşı mənfi təzahürlərdə özünü göstərir ki, məhz bu da radikal meyilli qüvvələrin meydana gəlməsi ilə bağlıdır".
Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı A.Əfəndiyev çıxışında gənclərin dini radikalizm kimi sosial bəladan uzaqlaşdırılması məsələsinə toxunub.
O qeyd edib ki, müasir dövrdə bu sahədə ən prioritet məsələlərdən biri də gənclərin bu sosial bəladan uzaqlaşdırılmasıdır. Gənclərin dini sahədə intellektual səviyyəsi və mövcud situasiyanı düzgün qiymətləndirmək qabiliyyətləri yetərincə yüksək olmadığından onlar radikal meyilli qüvvələrin qurbanına çevrilə bilirlər.
Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov ölkəmizdəki, o cümlədən Sabunçu rayonundakı dini duru barədə məlumat verib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Fitnə” sənədli filmi tədbir ştirakçılarına təqdim olunub.
Qeyd edək ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən birgə təsdiq olunmuş tədbirlər planına əsasən keçirilib.
1news.az