Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun təzahür formaları” mövzusunda seminar keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev, Bakı Şəhər Gənclər və idman baş idarəsinin rəis müavini Aydın Yusifov, Baş idarənin və Sabunçu rayon Gənclər və İdman idarəsinin əməkdaşları, rayonun fəal gəncləri iştirak ediblər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov qeyd edib ki, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. Onun sözlərinə görə, cəmiyyəti maraqlandıran məsələ odur ki, dini radikalizm nə üçün yaranır, yəni hansı şərait, hansı səbəblər onu meydana gətirir.
Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev çıxışında gənclərin dini radikalizm kimi sosial bəladan uzaqlaşdırılması məsələsinə toxunub. O qeyd edib ki, müasir dövrdə bu sahədə ən prioritet məsələlərdən biri də gənclərin bu sosial bəladan uzaqlaşdırılmasıdır.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov ölkəmizdəki, o cümlədən Sabunçu rayonundakı dini duru barədə məlumat verib.
Sonda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Fitnə” sənədli film tədbir ştirakçılarına təqdim olunub.
1news.az