Azərbaycanda səfərdə olan Avstriya Federal Daxili İşlər Nazirliyinin ekspertləri ilə iyunun 22-də Fövqəladə Hallar Nazirliyində (FHN) görüş keçirilib.
1news.az-a FHN-in mətbuat xidmətindən verilən xəbərə görə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında qonaqlara ətraflı məlumat verib.
E.Mirzəyev müxtəlif illərdə nazirliyin nümayəndə heyətlərinin Avstriyaya səfərlərini, o cümlədən İnsbruk şəhərində keçirilmiş təlimlərdə iştirakını xatırladıb. O, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrə mühüm töhfə verdiyini vurğulayıb, Avstriyanın müvafiq qurumlarının təcrübəsinin FHN üçün maraqlı olduğunu bildirib.
Avstriya Federal Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat eksperti polkovnik Hans Ebner səmimi görüşə görə təşəkkürünü bildirib. Qonaq səfər çərçivəsində azərbaycanlı həmkarları ilə yanğından mühafizə, axtarış-xilasetmə üzrə geniş təcrübə mübadiləsi aparılacağını söyləyib.
Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin böhranların idarə edilməsi və əməliyyat zalları ilə tanış olublar.
Səfər çərçivəsində avstriyalı ekspertlər iyunun 26-dək nazirliyin qurumlarında olacaq, həmçinin FHN Akademiyasında seminar keçirəcəklər.
1news.az