Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 18-də bir ev və həyətyanı sahəyə, 8 əkin sahəsinə, 14 partlayış yerinə baxış keçiriblər.
1news.az-a agentlikdən verilən xəbərə görə, Tərtər rayonunun Cəmilli kəndində 2 partlamamış hərbi sursat, o cümlədən “9M22U” qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb. Gün ərzində 31 min 870 kvadratmetr ərazi minalardan təmizlənib.
Tərtər rayonunun Şıxarx, Ağdam rayonunun Zəngişalı, Qaradağlı, Mahrızlı kəndlərində, Füzuli rayonunun Horadiz şəhərində evlər və həyətyanı sahələrə, partlayış yerlərinə baxış keçirilib. Partlamamış hərbi sursat aşkar edilməyib. Qurumun mütəxəssisləri 23 min 870 kvadratmetr ərazini yoxlayıblar.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 18-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 616 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 22 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1536 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
1news.az