Bu gün saat 14:00-da Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin yekun mərhələsi start götürüb.
1news.az-ın məlumatına görə, əsas yarışdan əvvəl GP2 pilotları sonuncu dəfə Bakı trekinə çıxıblar. Onlar “Formula 1”ə dəstək məqsədilə keçirilən yarışda ikinci yürüşlərini edirlər.
Yarışda bolidlərin start düzülüşü iyunun 18-də keçirilən yürüşdə müəyyənləşib. Belə ki, dünənki yarışda 1-8-ci pillələrdə yer alan sürücülər bu dəfə əks qaydada start xəttinə çıxıblar. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzülüblər.
Pilotlar bolidləri ilə 45 dəqiqə ərzində 120 kilometr məsafə qət edəcəklər. Bundan əlavə, poul vəziyyəti qazanan pilot əlavə olaraq, 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.
GP2 iştirakçılarının ilk yürüşündə “Prema Racing” komandasından Antonio Covinatsi finişə birinci çatıb. “ART” komandasının üzvü Sergey Sirotkin ikinci, “Russian Time” komandasının pilotu Rafael Marçello isə üçüncü olub.
1news.az