Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Rusiyanın "Qazprombank" şirkəti, İtaliyanın SACE və Rusiyanın ЭКСАР ixracat kredit agentlikləri "Peterburq Beynəlxalq İqtisadi Forumu – 2016" çərçivəsində "Azərbaycanda qazkimya kompleksinin tikintisi və maliyyələşdirilməsinə dair qarşılıqlı anlaşma memorandumu" imzalayıblar.
AZƏRTAC forumun saytına istinadla xəbər verir ki, təntənəli imzalanma mərasimi Rusiya Prezidenti Vladimir Putinin və İtaliyanın Baş naziri Matteo Renzinin iştirakı ilə baş tutub.
Yeni irimiqyaslı neft-kimya layihəsi Azərbaycanda rusiyalı və italiyalı tərəfdaşlarının iştirakı ilə bu ölkədə qaz emalı və qazkimya zavodlarının tikintisini nəzərdə tutur. Layihə "SOCAR Plastics Company Gas" "Qazprombank" Qrupu üçün maliyyələşdirmə və Rusiya avadanlıqlarının xaricə tədarükü baxımından yeni imkanlar açır.
Layihənin ümumi investisiya dəyəri ilkin hesablamalara görə, 3,5 milyard ABŞ dolları təşkil edir. Rusiya avadanlığı və materiallarının tədarükünün potensial həcmi və bu ölkənin podratçılarının tikinti-quraşdırma xidmətlərinin dəyəri investisiya büdcəsinin 20 faizə qədərini təşkil edəcək.
"Qazprombank" Qrupu SOCAR ilə Azərbaycanda artıq bir sıra iri layihələr həyata keçirir. Bu qarşılıqlı və faydalı əməkdaşlıq Qrupun maliyyə və texnoloji imkanlarının uğurlu nümunəsidir", - deyə Rusiyanın "Qazprombank" ASC-nin idarə heyətinin sədri Andrey Akimov bildirib.
Qeyd edək ki, "Peterburq Beynəlxalq İqtisadi Forumu – 2016" çərçivəsində "Qazprombank" ilə "SOCAR Polymer" arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş "Qazprombank" Qrupuna daxil olan "Krioqenmaş" ASC tərəfindən hazırlanacaq "SOCAR Polymer"in yüksək sıxlıqlı polietilenin və polipropilenin istehsalı zavodlarının inşası üzrə azot qurğusunun satışı və işlənməsini nəzərdə tutur. Qurğu "SOCAR Polymer"in azota yaranan tələbatını təmin edəcək.