Filologiya üzrə elmlər doktoru, Azərbaycan Dillər Universitetinin ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin Londondakı “Cambridge İnternatilonal Pres” nəşriyyatında “Phonetics and phonlogy problems” (“Fonetika və fonologiya problemləri”) kitabı işıq üzü görüb.
1news.az- verdiyi xəbərə görə, 258 səhifəlik kitabın giriş sözünü ingilis mütəxəssis Devid Perri yazıb. Kitabda həmçinin “Müəllifdən” başlıqlı yazı da yer alıb.
Əsərdə dilin yaranması, ilkin qaynaqları, işlənməsi haqqında, eləcə də Azərbaycan dilinin fonetik strukturu və fonologiyası ilə bağlı bilgi verilib. Kitabda dilimizin fonetika və fonologiyasının nəzəri məsələri müzakirə olunur, dilçiliyimizin obyekti və vəzifələri şərh edilir. Eləcə də burada fonetik vahidlər, yazı ilə şifahi nitq arasındakı ilişgilər, fonetikanın başqa elmlərlə əlaqəsi araşdırılır.
Adıçəkilən kitabda danışığın kommunativ özəllikləri də diqət mərkəzinə gətirilir. Azərbaycan dilinin fonetik quruluşunun və fonoloji sisteminin eksperimental yolla araşdırılması da nəzərdən keçirilir.
Qeyd edək ki, bu, Azərbaycan dilçiliyi tarixində ilk kitabdır ki, Avropada çap olunur. Kitabı ingiliscəyə ADU-nun dosenti Vahid Əkbərov tərcümə edib. Kitabın xaricdə birinci nəşri 2008-ci ildə Türkiyədə işıq üzü görüb. Sözügedən kitabın payızda Bakıda nəşriyyat tərəfindən təqdimatı keçiriləcək.
Bundan başqa F.Veysəllinin rusca “Pismo” (“Yazı”) adlı başqa bir kitabı da çapdan çıxıb. Qazaxıstandakı Türkologiya Akademiyası “Qloballaşma şəraitində türk məkanı: siyasi-iqtisadi və sosial-mədəni proseslər” proqramı çərçivəsində dilçi alim F.Veysəlli həmin akademiya ilə bağladığı müqaviləyə əsasən 2013-2014-cü illərdə “Azərbaycan əlifbasının tədqiqinin linqvistik əsasları” adlı araşdırmanı həyata keçirib.
Kitabın redaktorları Qazaxıstan EA-nın professoru, filologiya üzrə elmlər doktoru Əlimxan Cunusbəy və Bakı Slavyan Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Atamoğlan Həsənovdur.
1news.az