İyunun 15-də Argentinanın “Diario Jornada” xəbər portalında ölkəmizdə keçirilən Formula1 Avropa Qran-pri yarışları ilə bağlı “Bakı, Formula 1-in yeni ünvanı” başlıqlı məqalə yerləşdirilib.
1news.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Argentinadakı səfirliyinin fəaliyyəti nəticəsində dərc edilən məqalədə bildirilir ki, 90-cı illərdən etibarən Formula 1 təqviminə bir sıra yeni şəhərlər əlavə olunub, lakin cümə günü bu yarışların tarixində yeni səhifə açılır və ilk dəfə olaraq Bakı şəhəri həmin yarışlara ev sahibliyi edəcək.
Məqalədə habelə Bakı Şəhər Halqası barədə məlumat verilmiş, 20 döngəsi olan həmin halqanın yarış təqvimində genişliyinə görə ikinci olduğu göstərilib.
Daha sonra məqalədə Bakı şəhəri haqqında məlumat verilib, şəhərin qədim hissəsində yerləşən Şirvanşahlar sarayı və Qız qalasının 2000-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edildiyi, Bakıda 57-ci “Eurovision” musiqi yarışmasının, Birinci Avropa Oyunlarının keçirildiyi, şəhərin 2020-ci ildə futbol üzrə Avropa Çempionatına ev sahibliyi edəcəyi qeyd olunub.
Məqaləyə həmçinin Formula 3 yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayevin yarış maşınında Bakı Şəhər Halqasında həyata keçirdiyi sınaq yürüşünü əks etdirən video əlavə olunub.
1news.az