Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 45-50, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-70 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, iyunun 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 24 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 497 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 288 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 214 m3/s olmaqla, ongünlük normanın 127 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 146 m3/s təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyunun 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 19, Salyanda 18, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 386 sm (2015-ci il iyunun 17-də 312 sm), Salyanda 172 sm (2015-ci il iyunun 17-də 70 sm), Bankədə 193 sm (2015-ci il iyunun 17-də 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2015-ci il iyunun 17-də 29 sm) təşkil edir.
1news.az