Azərbaycan Teatr Xadimləri İttifaqının “Mustafa Mərdanov” səhnəsində “Milli dəyər” layihəsi çərçivəsində ilk tamaşa oynanılıb.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin (İB) təşkilatçılığı, Teatr Xadimləri İttifaqı və Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının dəstəyi ilə reallaşıb.
1news.az-a İB-dən verilən xəbərə görə, əsas mövzusu vətənpərvərliyə həsr edilən tamaşanın məqsədi Şuşa şəhərinə məxsus milli dəyərlərin təbliğinə nail olmaqdır.
Tamaşanın ssenari müəllifi Orxan Muxtarlıdır. Səhnə əsərində rolları Vahid Orucoğlu və Səbinə Məmmədova ifa ediblər
İB-nin rəhbəri İmaməddin Quliyevin qeyd etdiyinə görə iyun-avqust aylarını əhatə edən layihə çəçivəsində milli dəyərlərlə bağlı qısametrajlı film çəkiləcək, milli dəyərlərimizin təbliği istiqamətinə uyğun olaraq gənclərlə görüşlər aparılacaq və onların iştirakı ilə sərgi təşkil olunacaqdır.
Ümumilikdə layihənin keçirilməsində əsas məqsəd müasir texnoloji biliklərdən istifadə etməklə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından müstəqil respublikamızın mədəniyyət siyasətinin əsas vəzifələrindən biri kimi gəncləri təşviq etmək, onların milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək olmaq, yaradıcı gənclərin mədəniyyət və incəsənətə olan maraqlarını artırmaq və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün zəruri şərait yaratmaqdan ibarətdir.
1news.az