Ölkəmizin “Synergy Baku” kontinental komandası Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour de Serbia” veloyarışına inamla start verib.
1news.az-ın məlumatına görə, 21 kollektivin iştirak etdiyi yarışın 144 km-lik ilk mərhələsində “Synergy Baku” vaxt göstəricisinə görə bütün rəqiblərindən üstün olub, komandamızın üzvü Yosip Rumaç isə mərhələnin ən yaxşı gənc velosipedçisi kimi təltif edilib.
Yarışın 106 km-dən ibarət 2-ci günündə isə Matiya Kvasina mərhələ qalibindən 6 saniyə geri qalmaqla finişi 3-cü keçib. Bu amil velosipedçimizə ümumi təsnifatda 31 pillə irəliləməklə 2-ci yerə yüksəlmək imkanı verib. Komandamzın digər üzvlərinə gəlincə, Yannis Tamuridis 8-ci, Matey Müqerli 12-cidir.
2-ci mərhələ Matiya Kvasina üçün həm də ən yaxşı dağ velosipedçilərinin mübarizəsində ilk pilləyə yüksəlməyə və bu nominasiyada lider köynəyini ələ keçirməyə şərait yaradıb. Komanda hesabında isə “Synergy Baku” ən yaxın izləyicisini 20 saniyə qabaqlamaqla 1-ci pillədəki mövqeyini qoruyur.
Bu gün keçiriləcək 3-cü mərhələdə velosipedçilər 123,6 km məsafə qət etməlidirlər. 6 günlük yarışa iyunun 19-da yekun vurulacaq.
1news.az