Polşanın Lublin şəhərində dünyanın ən böyük turistik, ekoloji və incəsənət filmlərinin festivalı olan XI Beynəlxalq FilmAT festivalı keçirilib.
1news.az-a Azərbaycan Respublikasının Polşadakı Səfirliyindən verilən xəbərə görə, FimAT festivalı ənənəvi olaraq Beynəlxalq Konfransla müşayiət olunur. 7 ölkənin 11 nünayəndəsinin iştirak etdiyi konfransda turistik və ekoloji filmlərə həsr olunmuş mövzularla yanaşı digər sahələrin təbliğatına aid mövzular da səslənib.
Festival və konfransda Polşa, Avstriya, İspaniya, Portuqaliya, Türkiyə, Danimarka, Çexiya, Slovakiya nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Fuad Axundov, Bakı Media Mərkəzinin nümayəndəsi Rüfət Kərimzadə və Səfirlik nümayəndələri iştirak ediblər. Dünya və Avropa ölkələrinin incəsənət xadimlərini, film yaradıcılarını, alimlərini və müxtəlif təşkilatlarının nümayəndələrini bir yerə toplayan konfrans və festival təcrübə mübadiləsi üçün çox əhəmiyyətli bir foruma çevrilib. Tədbir çərçivəsində həmçinin XI Beynəlxalq Film Festivalının təşkilatçılarının təşəbbüsü və Səfirliyin dəstəyi ilə “Polşalı memarlar Bakıda” adlı sərgi də təşkil olunub. Sərginin təqdimatı iyun ayının sonuna qədər Lublin Mədəniyyət Mərkəzində davam edəcək.
Daha sonra FilmAT təntənəli qala-tədbiri keçirilib və XI Beynəlxalq Film Festivalının qaliblərinə mükafatlar təqdim edilib. Belə ki, Polşa dəyərlərinin dünyada təbliğinə veridyi töhfəyə və “Polşalı memarlar Bakıda” adlı uğurlu təqdimatına görə Fuad Axundov “Turist 2016”, mədəni turizm kateqoriyasında ən yaxşı təbliğedici film kimi Bakı Media Mərkəzinin təqdim etdiyi “Azərbaycan ruhunu hiss et” filmi mükafat və diploma, maarifləndirici filmlər kateqoriyasında isə Yaddaş Kinostudiyasının hazırladığı “Azərbaycan mətbəxi: Ağız dadı” filmi xüsusi mükafata layiq görülüb.
1news.az