Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi (QDİİB) “Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi” layihənin icrasına başlayıb.
1news.az-ın məlumatına görə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə keçirilən layihə çərçivəsində müxtəlif universitetləri təmsil edən gənclərə və gənc mütəxəssislərə “Yeni mediada multikulturalizmlə bağlı düzgün iştirak” mövzusunda təlim keçirilib.
Bakı Slavyan Universitetinin Muzey zalında keçirilən təlimdə qonaq qismində bir sıra QHT və media nümayəndələri, eləcə də multikulturalizm üzrə ekspertlər iştirak ediblər.
Tədbirin açılışında QDİİB sədri İlkin Ağayev həyata keçirilən layihə və onun çərçivəsində reallaşdırılacaq təlimlər barəsində ətraflı məlumat verib. Qeyd edilib ki, bu gün gənclərimiz yeni media vasitələrində, sosial şəbəkələrdə aktiv olsalar da, bu baxımdan bir sıra problemlər var:
“Gənclərimizin sözügedən sahədə texniki hazırlıqları olsa da, ideoloji və taktiki baxımdan onların daha hazırlıqlı, bacarıqlı, məlumatlı və operativ olmasına ciddi ehtiyac duyulur”.
Daha sonra multikulturalizm üzrə ekspert, gənc alim Əli Fərhad Azərbaycanda daim mövcud olmuş multikulturalizm şəraiti və müasir dövrdə Azərbaycan multikulturalizminin daha da inkişaf etdirilməsi, dünyaya tanıdılması üçün dövlətin həyata keçirdiyi siyasətdən, bu barədə həyata keçirilən tədbirlərdən bəhs edib.
Sonra isə təlimçi, “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri Xaqani Səfəroğlu təlimə başlayıb.
Qeyd edək ki, təlimdə 20-dən artıq gənc iştirak edib. Burada gənclərə multikulturalizm anlayışının anlaşılması, onunla bağlı məlumatların, informasiyaların ayırd edilməsi və dezinformasiyaların yayılmasının qarşısının alınması ilə bağlı biliklər, ictimai və hüquqi məsuliyyət hissinin inkişafı, artırılması və formalaşması baxımından bilgilər və vərdişlər aşılanıb. Onlara bu barədə mövcud olan mənbələr və etik davranış qaydaları izah edilib və göstərilib.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində sırf jurnalistik məqalələrlə multikulturalizmin təbliğinə töhfə vermək istəyən gənclər üçün ayrıca bir təlimin, eləcə də Masallı və İsmayıllı rayonlarında multikulturalizmin təbliğinə gənclərin cəlb edilməsi üçün təlimlərin keçirilməsi, layihə çərçivəsində multukulturalizmə aid kitabçanın çapı, “yenimedia.info” saytının təkmilləşdirilməsi nəzərdə tutulub.
1news.az