Orlando şəhərində baş vermiş qanlı insidentin terrorçular tərəfindən planlaşdırıldığına dair dəlil sübut-yoxdur.
1news.az Assosiated Press agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.
“Hazırda hadisə ilə əlaqədar araşdırma ilkin mərhələdədir. Cinayətkarın motivləri hələlik tam məlum deyil. İstintaqın gedişində terrorçuluq maddəsi əlavə oluna bilər. Lakin çox güman ki, cinayətkar İnternet vasitəsilə yayılan ekstremist məlumatlardan ruhlanıb”,- deyə B.Obama bildirib.
Bu gün Vaşinqtonda ABŞ prezidenti Barak Obama güc strukturları rəhbərlərinin iştirak ilə və təhlükəsizlik məsələlərinə həsr olunmuş toplantı keçirib.
Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İnsanlara atəş açan Ömər Mətin polislə atışma zamanı öldürülüb. Bu, ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır.
1news.az