Azərbaycanın 6 ağırlıqqaldıranında dopinq tapılıb.
Bu barədə 1news.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, dopinq tapılan idmançılardan Əliquluzadə Elxan,Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqam – hər biri 8, Dadaşbəyli Dadaş isə 4 illiyinə yarışlardan diskvalifikasiya olunub.
Məsələ ilə bağlı nazirlikdən bildiriblər ki, idmançıların təlim-məşq toplantılarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır. Federasiyalar ilk növbədə idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, mütəmadi şəkildə idmançıların dopinq müayinələrinin aparılması üçün nazirliyə müraciət etməlidir.
“Nazirlik bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edir. Bütün lazımi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə maksimal dərəcədə diqqətli olmağa çağırırıq. Baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək.
Sonda bildirmək istərdik ki, Beynəlxalq Federasiya tərəfindən bu barədə qərarın verilməsinə baxmayaraq, idmançıların apelyasiyaya verərək öz hüquqlarını müdafiə etmək imkanı var və Gənclər və İdman Nazirliyi Ağırlıqqaldırma Federasiyası ilə birgə bu istiqamətdə işlər aparır”- deyə, nazirlikdən bildiriblər.
Qeyd edək ki, Azərbaycan Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır. Bununla yaynaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan hökuməti Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir.
Qanunda bir sıra maddələrlə yanaşı, eyni zamanda dopinqdən istifadə olunacağı təqdirdə, idmançı və məşqçiyə cinayət işinin açılması maddəsi də öz əksini tapacaq.
Bundan başqa dopinqlə mübarizə məqsədi ilə Gənclər və İdman Nazirliyinin nəzdində 10 ildən artıqdır ki, dopinqlə mübarizə şöbəsi fəaliyyət göstərir.
Nazirlik MDB ölkələri arasında idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən ölkələr arasında ilk üçlükdədir.
1news.az