Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahanın nəticələrini elan edib.
TQDK-dan 1news.az-a verilən xəbərə görə, cari ildə Azərbaycan dili fənni üzrə birinci imtahan mayın 1-də keçirilib.
Həmin imtahanda 7.696 abituriyent iştirak edib, onlardan 6.476-sı imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.
Qəbul qaydalarına əsasən, imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən və “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək Azərbaycan dili imtahanında iştirak etmək imkanı verilib.
Abituriyentlərə Azərbaycan dili fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanda 1.096 abituriyent iştirak edib, 663 nəfər tələb olunan 15 və daha çox bal toplayaraq “məqbul” qiymət alıb.
1news.az