İyunun 10-da 1 ev və həyətyanı sahə, 4 əkin sahəsinə, 3 partlayış yerinə baxış keçirilib. Dörd ədəd partlamamış hərbi sursat aşkarlanaraq götürülüb. Gün ərzində 1790 kvadratmetr ərazi minalardan təmizlənib.
Bu barədə ANAMA-nın iyunun 10-da Füzuli, Tərtər və Astara rayonlarında aşkarlanmış partlamamış hərbi sursatlar barədə yaydığı hesabatda bildirilir.
ANAMA-nın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Tərtər rayonunun Şıxarx kəndində əkin sahəsində 1 partlamamış hərbi sursat - 122 millimetrlik top mərmisi aşkar olunaraq götürülüb. Ərazidə əməliyyatlar növbəti gün davam etdiriləcək.
Füzuli rayonunun Horadiz şəhərində 2 partlamamış hərbi sursat - 120 millimetrlik 1 minaatan mərmisi və 125 millimetrlik 1 tank mərmisi aşkar olunaraq götürülüb. Astara rayonunun Ərçivan kəndində 1 partlamamış hərbi sursat (122 millimetrlik top mərmisi) aşkarlanıb. Mərminin üzərində döyüş başlığı olduğu üçün növbəti gün yerində zərərsizləşdiriləcək.
Ağdam, Ağcabədi rayonlarında hava şəraiti ilə əlaqədar əməliyyatlar aparılmayıb.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 10-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 592 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 22 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. 1517 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 POMZ-2 və tank əleyhinə 7 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
1news.az