Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlərin aradan qaldırılmasına dair iki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildiriblər.
Qeyd edək ki sön dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiyaya göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması vəya sərhəddə saxlanılması halları müşahidə olunub.
Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirir. Nəticədə isə qonşu ölkəyə ixrac olunan kənd təsərrüfatı malları ya geri qaytarılır, ya da uzun müddət sərhəddə yubadıldığı üçün məhsul keyfiyyətini itirir.
“Dövlət Gömrük Komitəsi rəhbərliyinin, şəxsən Komitə sədri Aydın Əliyevin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı müzakirələrdən sonra məsələnin həlli istiqamətində razılıq əldə olunub. Razılığa əsasən, qısa zaman kəsiyində Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının maneəsiz olaraq Rusiya Federasiyasına göndərilməsi tam təmin olunacaq”.
1news.az