İyunun 8-də Bakıda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və rusiyalı həmkarı Maksim Sokolov arasında görüş keçirilib.
1news.az-a Nəqliyyat Nazirliyindən verilən xəbərə görə, qarşılıqlı dostluq və anlaşma şəraitində keçən görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan və Rusiyanın nəqliyyat qurumları arasında əməkdaşlığın mövcud vəziyyəti müsbət qiymətləndirilib.
Tərəflər beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlığın inkişafının vacibliyini, eyni zamanda hər iki ölkənin tranzit potensialının inkişafı, nəqliyyat infrastrukturunun modernləşdirilməsi, yüklərin daşınması zamanı təhlükəsizliyin təmin edilməsi və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi istiqamətində görüləcək tədbirlərin əlaqələndirilməsini qeyd ediblər.
Görüşdə, həmçinin nəqliyyat kompleksində innovasiyalılıq səviyyəsinin yüksəldilməsinin zəruriliyi, təhlükəsizlik səviyyəsinin artırılması və ətraf mühitə nəqliyyatın zərərli təsirinin azaldılması istiqamətində məsələlərin həll edilməsi vurğulanıb.
Bundan başqa, əlavə yük axınlarının cəlb edilməsi məqsədilə ölkələrimiz arasında həyata keçirilən daşımalar prosesində yaranan süni maneələrin aradan qaldırılmasının vacibliyi, nəqliyyat prosedurlarının sadələşdirilməsi və nəqliyyat sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması qeyd olunub.
Tərəflər beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtodaşıyıcıların qarşılıqlı olaraq ölkələrinin ərazisində qalma müddətləri, eyni zamanda ümumi istifadədə olan avtomobil yollarına maksimal çəkisi 12 tondan yuxarı olan nəqliyyat vasitələrinin vurduğu ziyanın əvəzinə ödənişlərin tətbiqi məsələsinə, 2016-cı ilin iyul ayında keçirilməsi nəzərdə tutulan beynəlxalq avtomobil əlaqələri sahəsində Qarışıq Komissiyanın növbəti iclasında baxılması barədə razılığa gəliblər.
Beynəlxalq avtomobil əlaqələri sahəsində daşımaların inkişaf etdirilməsi məqsədilə zəruri tədbirlərin görülməsinin vacibliyini qeyd edən nazirlər, Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalar haqqında Saziş layihəsinin hazırlanması barədə razılığa gəliblər. Görüşdə, həmçinin birgə infrastruktur layihələrinin həyata keçirilməsinin vacibliyi, o cümlədən “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) - Samur (Azərbaycan Respublikası) sərhəd-keçid məntəqələri arasında Samur çayı üzərində avtomobil körpüsünün tikintisi məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında 2013-cü ilin 13 avqust tarixində imzalanmış Sazişin həyata keçirilməsinin zəruriliyi qeyd olunub. Ziya Məmmədov və Maksim Sokolov, həmçinin Azərbaycan və Rusiya arasında dəniz daşımaları prosesində yaranan məsələlərin həlli üçün mütəxəssislər səviyyəsində tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. İki ölkənin nəqliyyat nazirləri dövlətlərarası mövcud nəqliyyat əlaqələrini yüksək qiymətləndirərək nəqliyyat sahəsində qarşıya çıxan məsələlərin və problemlərin operativ həlli və əməkdaşlığın gələcək inkişafı üçün mütəmadi olaraq görüşlərin keçirilməsini qeyd ediblər.
Tədbirin sonunda nəqliyyat naziri Ziya Məmmədov dəmir yolunun inkişafında göstərdiyi xüsusi xidmətlərə, dəmir yolu nəqliyyatı problemlərinin həllində fəal və effektli əməkdaşlığa görə Rusiya Federasiyası nəqliyyat naziri Maksim Sokolov tərəfindən “Fəxri dəmiryolçu” mükafatı ilə təltif olunub.
1news.az