“ADA” Universiteti nəzdində 2012-ci ildən fəaliyyət göstərən Xəzər Enerji və Ətraf Mühit Mərkəzi (Caspian Center for Energy and Environement- CCEE) Xəzər hövzəsinin enerji və ətraf mühit sahələrində siyasi tövsiyələrin formalaşdırılması, bu mövzular üzrə əlaqəli tərəflər arasında dialoq və əməkdaşlığn yaradılması üçün platforma kimi fəaliyyət göstərir.
1news.az ADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mərkəz ənənəvi təşkil etdiyi Yay Enerji Məktəbi, Ekologiya Məktəbi, beynəlxalq konfranslar və s layihələrlə enerji və ətraf mühit üzrə tədqiqatı akademik gündəmdə saxlayır. CCEE-nin son təşəbbüslərindən biri olan “Ağac əkək, təbiətə töhfə verək” layihəsi isə yalnız elmi tədqiqatla məhdudlaşmır, meşəsalma məqsədi ilə konkret tədbirlər planını həyata keçirir. Təşəbbüs Azərbaycan Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin və “Coca-Cola” şirkətinin dəstəyi ilə ərsəyə gəlib.
Bu barədə CCEE-nin sədri, ADA Universitetinin siyasi emlər üzrə professoru Elnur Soltanovla söhbət edirik.
- Azərbaycanda ətraf mühitin vəziyyətini necə qiymətləndirirsiniz və hazırkı vəziyyəti yaxşılaşdırmaq üçün hansı işlər görülməlidir?
- Planetimizin ətraf mühiti surətlə pisləşir. Bir çox bölgələrdə olduğu kimi Azərbaycanda da ətraf mühit problemləri mövcuddur: havanın çirklənməsi, torpağın eroziyası və içməli su çatışmazlığı. Meşə zolaqlarının salınması sözügedən problemlərin təsirini zəiflədir və ətraf mühitin bərpası istiqamətində kömək edir. Meşələr təmiz hava mənbəyi olmaqla torpağı zənginləşdirir və su ehtiyatlarını qoruyur.
Hazırda Azərbaycan ərazisinin 13%-ni meşə örtüyü təşkil edir. “Global Forest Watch”un məlumatına əsasən, Azərbaycan meşə örtüyünün 0,57%-ni itirərək 2001-2014-ci illərdə meşə ərazisinin itirmə faizinə görə 200 ölkə arasında 183-cü yerdə qərarlaşıb. Digər ölkələrlə müqayisədə itkinin daha az olmasına baxmayaraq hazırkı tendensiya davam etdiyi təqdirdə bir neçə əsr ərzində Azərbaycanın meşə örtüyü tamamilə yox ola bilər. Bu səbəbdən hökumət meşə örtüyünün qorunması, meşə zolaqlarının bərpası və salınmasını dəstəkləmək məqsədi ilə fəaliyyət istiqamətini inkişaf etdirməlidir. Biznes icması və vətəndaş cəmiyyəti isə öz növbəsində hökumətin bu səylərini dəstəkləməlidir.
- “Ağac əkək, təbiətə töhfə verək” layihəsi barədə bir qədər ətraflı danışın.
- 2014-cü ilin fevralında ССЕЕ və “Coca-Cola” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandıqdan sonra “Ağac əkək, təbiətə töhfə verək” layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi Azərbaycan ərazisində 2020-ci ilə qədər 100 min ağac əkməkdir. Bu uzunmüddətli layihə ekosistemin yaxşılaşdırılması, genişmiqyaslı meşə sahələrinin salınması və ölkənin müəyyən edilmiş ərazilərində havanın çirklənməsinin azaldılması, torpaq eroziyasının qarşısının alınması və təmiz su ehtiyatlarının qorunması məqsədi ilə meşələrin bərpa olunmasına yönəldilib. Təşəbbüsün digər bir məqsədi ekologiya sahəsində əhalinin biliklərinin müxtəlif maariflənmə tədbirləri, elmi-tədqiqat işləri və elmi nəşrlər vasitəsi ilə artırılmasıdır.
Layihə müasir damcı suvarma sistemindən istifadə olunmasını nəzərdə tutur ki, bu da öz növbəsində su ehtiyatlarından səmərəli istifadə edilməsinə şərait yaradır. BMT-nin məlumatına əsasən, 2025-ci ilədək 1,8 mlrd. insan su çatışmazlığı ilə üzləşən ölkə və regionlarda yaşayacaq, dünya əhalisinin 2/3 hissəsi isə su qıtlığından əziyyət çəkə bilər. Dünya Resursları İnstitutunun məlumatına görə, 2040-cı ilədək Azərbaycan su çatışmazlığı ilə şiddətli şəkildə qarşılaşmış ölkələr arasında 18-ci yeri tutacaq. Təşəbbüsümüz çərçivəsində Azərbaycanda əkiləcək ağacların sayı və damcı suvarma sistemindən istifadə su ehtiyatlarının qorunmasında əhəmiyyətli rol oynayacaq.
Qeyd etmək lazımdır ki, ağac əkilməsinə nəzarət məqsədi ilə yaşıllaşdırılmış zonalarda video-müşahidə sistemindən və günəş enerjisi ilə işləyən rütubətölçmə avadanlığından istifadə olunur.
- Tərəfdaşlarınızla bu kimi işləri davam etdirəcəksinizmi?
- “Coca-Cola” şirkəti məhsul istehsalında istifadə etdiyi suyun 100%-ni planetimizin sakinlərinə və təbiətə yenidən qaytarılmasını qarşısında məqsəd qoyub. Şirkət meşələrin salınması və bərpası təşəbbüsünü bütün dünya üzrə dəstəkləyir, çünki ağaclar suyu filtrləşdirir və su ehtiyatlarını qoruyur. “Coca-Cola” şirkəti biznes-tərəfdaş qismində “Ağac əkək, təbiətə töhfə verək” layihəsini 2020-ci ilə qədər maliyyələşdirəcək. Onu da qeyd etmək lazımdır ki, indiyədək istehsalçı CCEE tərəfindən həyata keçirilən bütün kampaniyaları dəstəkləyib.
2014-cü ilin martında “Ağac əkək, təbiətə töhfə verək” layihəsi Tofiq Bəhramov adına Respublika Stadionu yaxınlığında və ADA Universitetinin tələbə kampusu ərazisində yüzdən çox şam ağacının əkilməsi ilə başlayıb. Hazırda ССЕЕ Ələt, Siyəzən, “Dədə Qorqud” parkı (Bakı) və BMX Veloparkında (Bakı) bir neçə analoji kampaniya həyata keçirib. Ağacəkmə təşəbbüsündə hökumət nümayəndələri, iş adamları və ölkənin vətəndaş cəmiyyəti yaxından iştirak edir. Universitet tələbələri könüllülərin böyük hissəsini təşkil edib. Bununla yanaşı, layihə insanların buna bənzər fəaliyyətlərə cəlb olunmasında mühüm rol oynayır.
Kütləvi ağacəkmənin ilk mərhələsi 2014-ci ilin yazında Bakı şəhərinin cənub-şərqində Salyan şosesi boyu yerləşən Ələt qəsəbəsində baş tutub və nəticədə 9 hektarlıq ərazidə 7 500 zeytun ağacı əkilib. Bu ərazidə regionun su ehtiyatlarının qorunması üçün damcı suvarma sistemindən istifadə olunur. Bu ilin fevralın 13-də aparılmış sonuncu tədqiqat ağacların tam sağlam böyüdüyünü göstərib.
ССЕЕ və “Coca-Cola” şirkəti sözügedən ağacəkmə kampaniyasını Bakıda davam etdirib və “Dədə Qorqud” parkında 70 şərq çınarının əkilməsi təmin olunub. Ancaq parkın infrastrukturuna görə burada damcı suvarma sistemindən istifadə etmək mümkün olmayıb və hazırda ağaclar ənənəvi qaydada sulanır.
2015-ci ilin yazında ağacəkmə təşəbbüsünün növbəti mərhələləri Azərbaycanın digər bölgələrində həyata keçirilib. Bu dəfə 7 500 zeytun ağacı Siyəzəndə əkilib. Ağaclar damcı suvarma sistemi vasitəsi ilə “Taxta-Körpü” nasos stansiyasından sulanır. Ötən ilin dekabrın 15-də aparılmış tədqiqatın nəticələrinə əsasən, ağaclar yaxşı vəziyyətdədir. Hazırda yağış fəsli olduğundan süni suvarmaya ehtiyac yoxdur. Beləliklə, nasos stansiyası istilər başladıqdan sonra ağacların lazımlı miqdarda su ilə təmin olunması üçün yenidən istifadəyə veriləcək.
2015-ci ilin may ayından etibarən 15 min şam və sərv ağacı Bakıda yerləşən BMX Veloparkının ərazisində CCEE, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Coca-Cola” şirkətinin birgə təşəbbüsü çərçivəsində əkilib. Bu ərazidə də effektiv ağac suvarma üsulu sayılan damcı suvarma sistemindən istifadə olunur. 360 dərəcə görüntünü təmin edən video-kamera ən böyük plantasiyaya müşahidə etmək üçün 4 metrlik hündürlükdə quraşdırılıb. O, günəş enerjisi ilə qidalanır və internetə çıxış imkanına malikdir. Sözügedən avadanlıqdan başqa, digər bir günəş paneli torpaq monitorinq sistemini enerji ilə təchiz edir. Bu sistem torpağın nəmliyini, qidalanmasını, işıqlandırılmasını, temperaturu və havanın rütubətini ölçür. Avadanlıq internet şəbəkəsinə qoşulub və istənilən an ona uzaq məsafədən giriş əldə etmək mümkündür.
“Ağac əkək, təbiətə töhfə verək” layihəsi yaxın zamanda BMX Veloparkı ərazisində daha 15-20 min ağacın əkilməsini nəzərdə tutur. Bundan başqa, yaşıllaşdırma kampaniyası ADA Universitetinin tələbə kampusu ərazisində və “Dədə Qorqud” parkında da davam edəcək.
1news.az